QARAYEVA, QURBANOVA VƏ GİMATOVA BAKIDA KEÇİRİLƏCƏK AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Məşqçilərin qərarı ilə Aliyə Qarayeva, Anna Qurbanova və Dinara Gimatova iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 23-cü Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının tərkibinə daxil edilmişlər. Ehtiyat gimnast isə Zeynəb Cavadlı olacaqdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avro-2007-də işitirak edəcək Azərbaycanın gənclərdən ibarət qrup komandasına Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova, Cəmilə Hüseynova və ehtiyat gimnast Aelita Xələfova daxildirlər.
Avropa çempionatı ərəfəsində əsas üçlük və gənclərdən ibarət qrup İsraildə keçirilən Qran-pri mərhələsində və beynəlxalq turnirdə iştirak etmişlər. Aliyə Qarayeva bu dəfə də medal qazanmışdır. O, Qran-pri mərhələsinin finalında lentlə çıxışına görə bürünc medal almış, rusiyalı Vera Sesina və ukraynalı Anna Bessonovadan sonra 3-cü olmuşdur.
Gimnastın məşqçisi Marina Qovorova demişdir: “Qran-pri mərhələsində Rusiya, Ukrayna, Belarus komandaları və güclülərdən ibarət Azərbaycan komandası yarışırdı. Bu turnir Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində əsas məşq idi”.
Digər finallarda Aliyə iplə dördüncü, halqa ilə beşinci, gürzlə və çox növçülükdə altıncı olmuşdur.
Anna Qurbanova lentlə finalda sonuncu, səkkizinci yeri tutmuşdur. O, çoxnövçülüyün ümumi hesabında da səkkizinci olmuşdur. Dinara Gimatova 30 iştirakçı arasında 12-ci yeri tutaraq finala çıxa bilməmişdir.
Daha iki finalda birinci olmuş rusiyalı Alina Kabayeva mütləq qalib adını qazanmışdır.
Gənclərdən ibarət komandamıza gəldikdə isə, qızlar finalda beş cüt gürzlə yeddinci yeri tutmuşlar. Burada mükafata Rusiya, Belarus və İsrail komandaları layiq görülmüşdür.
İsraildə keçirilən Qran-pri mərhələsi ilə eyni vaxtda İtaliyada böyüklərdən ibarət qrup komandaları arasında Dünya kubokunun mərhələ yarışları baş tutmuşdur. Beş ip və üç halqa / dörd gürzlə çıxış edən Azərbaycan kollektivi ikinövçülükdə 21 qrup arasında 11-ci olmuşdur. Qızıl medalı meydan sahibləri qazanmışlar. Gümüş medala rusiyalılar, bürüncə isə belaruslar layiq görülmüşlər.