Qardabanidə yeni Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb
Tbilisi, 20 sentyabr, AZƏRTAC
Gürcüstanın Qardabani bələdiyyəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi və təhsilə marağının artırılmasına yardım məqsədilə yeni Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mərkəzin icraçı direktoru Çiçək Hüseynova mərkəzin gələcək planları barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd gənclərin təhsilə daha fəal qoşulmalarına yardım göstərməkdir.
Mərkəzin həmtəsisçisi Nərgiz Bağırlı AZƏRTAC-a bildirib ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzi soydaşlarımızın Azərbaycan, gürcü və ingilis dilləri, milli rəqs və mədəniyyətimizin digər qollarını öyrənmələri üçün yaradılmış təhsil mərkəzidir. Mərkəz bütün səviyyələrdə Azərbaycan, ingilis və gürcü dilləri üzrə dərslər təklif edəcək. Başlanğıcdan qabaqcıl səviyyələrə qədər müxtəlif kurslar və dil bacarıqlarını təkmilləşdirmək üçün proqramlar tətbiq olunacaq.
“Biz mədəni tədbirlər və dil mübadiləsi proqramları da təşkil edəcəyik. Gələcək planlarımız olduqca maraqlıdır. Mərkəzi daha çox dil seçimləri ilə genişləndirməyi hədəfləyirik. Biz tələbələrə daha çox dil öyrənmək imkanı verməklə mədəni müxtəlifliyi təşviq edəcəyik. Bundan əlavə, biz kursun sonunda dil sertifikatları və təşəkkürnamələr təqdim edəcəyik”, - deyə N.Bağırlı vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi