QARŞILIQLI SƏFƏRLƏR İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN YAXŞILAŞMASINA ŞƏRAİT YARATMIŞDIR
Nazir diplomatı fəaliyyəti dövründə Azərbaycan-İran münasibətlərinin yaxşılaşması istiqamətində gördüyü işləri vurğulamış və təəssüflə demişdir ki, biz qonşu ölkələr olsaq da, iki dövlət arasındakı hərbi əməkdaşlıq sahəsində əlaqələr hələlik istənilən səviyyədə deyildir. İran dövləti Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı məcburi köçkün və qaçqınlara öz köməyini əsirgəməmişdir. Buna görə təşəkkür edirəm.
Səfir Əhəd Qəzai minnətdarlığını bildirərək, Azərbaycanda dörd illik fəaliyyəti dövründə İran-Azərbaycan münasibətlərinin yaxşılaşması istiqamətində bəzi işlər gördüyünü, iki dövlət arasında qaranlıq olan bir çox mətləblərin aydınlaşdığını dilə gətirmiş və söyləmişdir ki, bu gün münasibətlərimiz ideal olmasa da, artıq buna yol açılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2002-ci ildə Tehrana və Prezident Məhəmməd Xatəminin bu il Bakıya səfəri münasibətlərimizin yaxşılaşması üçün şərait yaratmışdır.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş, bu münaqişənin həllində Azərbaycan xalqının İran xalqından çox şey gözlədiyini, İranın problemin həllinə yaxından kömək etməsinin zəruriliyini bildirmiş və demişdir ki, bu münaqişə çox davam edə bilməz. Ermənistan münaqişənin dinc yolla həlli ilə razılaşmasa, Azərbaycan öz torpaqlarını azad edəcəkdir.
Sonra beynəlxalq terrorizmlə mübarizə məsələsi ətrafında geniş fikir mübadiləsi aparılmış, islam dinində və mədəniyyətində terrorun inkar edildiyi diqqətə çarpdırılmışdır.
Nazir diplomata Azərbaycandakı fəaliyyətinə görə təşəkkür etmiş və yeni işində uğurlar arzulamışdır.
Görüşdə İran Silahlı Qüvvələrinin Bakıdakı hərbi attaşesi, general-mayor Musa Şəhabi iştirak etmişdir.