Qax Damazlıq İpəkçilik Stansiyasında daha 6 min qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub
Qax, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınan daha 6 min qutu ipəkqurdu toxumu (qrena) aprelin 24-də axşam saatlarında Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilərək inkubasiyaya qoyulub.
Stansiyanın direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ikinci mərhələdə inkubasiyaya qoyulan ipəkqurdu toxumu dağlıq ərazidə yerləşən rayonların kümçüləri üçün nəzərdə tutulub. Onun dediyinə görə, aprelin 17-də birinci mərhələdə stansiyaya gətirilən 7 min qutu ipəkqurdu toxumunun inkubasiya müddəti artıq başa çatmaq üzrədir. İnkubasiyadan sonra əldə olunacaq ipək qurdları aprelin 27-dən başlayaraq üç gün ərzində Aran bölgəsinin 23 rayonunun kümçülərinə paylanılacaq. Aprelin 24-də stansiyaya gətirilərək inkubasiyaya qoyulan 6 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu toxumunun inkubasiya müddəti isə mayın əvvəlində başa çatacaq. Əldə olunacaq ipək qurdları mayın 4-dən 6-dək dağlıq ərazidə yerləşən 15 rayonun kümçülərinə paylanılacaq.