Qaxda 500-dən çox aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb
Qax, 18 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Qax Rayon İcra Hakimiyyəti tərəfindən 500-dən çox aztəminatlı ailəyə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımı olunub.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyətinin rəhbərliyi tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tövsiyələrinin yerinə yetirilməsinə, həmçinin xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında Qax şəhərinin prospekt və küçələrində, parklarda, çoxmənzilli yaşayış binalarının giriş blokları və həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.