QAZAXDA 2009-CU İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Qazax, 29 aprel (AZƏRTAC). Qazax Rayon İcra hakimiyyətində cari ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, cari ilin birinci rübündə rayonda ümumi məhsul buraxılışı 12 milyon 650 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 350 min manat çoxdur. Üç ayda sənaye məhsulunun ümumi həcmi 40 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 335 min manta qeyri-dövlət bölməsində sənaye məhsulunun həcmi isə 25 min manat çoxalmışdır. Rüb ərzində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 2890 min manat artaraq 5300 min manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikinti, abadlıq və quruculuq işləri cari ilin birinci rübündə də uğurla davam etdirilmişdir. Qaymaqlı kəndində 200 şagird yerlik orta məktəb, Birinci Şıxlı kəndində 200 şagird yerlik əsas məktəb binalarının tiknitisi artıq başa çatmaq üzrədir. “Sınıq körpü” Gömrük Buraxılış Məntəqəsinin, MTN Qazax Rayon Şöbəsinin, Dövlət Sosial müdafiə fondu rayon şöbəsinin, Respublika Baytarlıq İdarəsinin rayon şöbəsinin inzibati binalarının, Daş Salahlı sement zavodunun tikintisi davam etdirilmişdir.
Rayonda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Cari ilin məhsulu üçün 12092 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5557 hektar çoxdur. 2009-cu ilin birinci rübündə 2008-ci ilin birinci rübünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı bütün sahələrdə artımla yekunlaşmışdır. Yazlıq əkin sahələri 2009-cu ilin birinci rübündə ötən ilin birinci rübünə nisbətən 241 hektar artaraq 759 hektara çatdırılmışdır. Ət istehsalı 18 ton artırılaraq 998 tona, süd istehsalı 253 ton artırılaraq 4414 tona, yumurta istehsalı 55 min ədəd artırılaraq 2262 min ədədə çatdırılmışdır. Ümumiyyətlə, 2009-cu ilin birinci rübündə istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri ötən ilin birinci rübünə nisbətən 335 min manat artaraq 4135 min manat olmuşdur.
Şura iclasında rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlərdən də söhbət açılmışdır.