Qazaxda turizmin inkişafı məqsədilə təlimlərə başlanılıb
Qazax, 21 may, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr uğurla icra olunur. Respublikamızda, xüsusilə də bölgələrimizdə məqsədyönlü layihələr və tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə layihələrdən biri KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən Qazax rayonunda reallaşıb. Belə ki, “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” adlı layihənin təlimlərinin keçirilməsinə başlanılıb.
“Regionlarda turizmin inkişafı məqsədilə mövcud potensialın səmərəli istifadə istiqamətləri” mövzusunda təşkil olunan ilk təlimin icrasına Qazax rayonundan start verilib.
Qazax Tarix-Diyarşünaslıq Muzeyində keçirilən təlimdə rayon icra hakimiyyətinin əməkdaşları, rayonda turizm imkanları olan kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri, gənclər və tələbələr iştirak edib.
Rayon icra hakimiyyətinin nümayəndəsi Məhəmməd Orucov, layihə rəhbəri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə çıxış edərək həyata keçirilən layihənin məqsəd və əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, layihə Gəncə-Qazax iqtisadi zonasının Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən və Göygöl rayonlarında həyata keçiriləcək.
İlk təlimin Qazaxdan başladığını bildirən Məleykə Əlizadə rayonda tarixi abidələrin, təbiət mənzərələrinin zəngin olduğunu qeyd edib.
Sonra turizmin inkişafı istiqamətində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Turizm üzrə ekspert Arzu Hüseynov slaydlar əsasında Azərbaycanda turizmin inkişafı və bu istiqamətdə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bölgələrdə turistlərin yerləşdirilməsi, onlara göstərilən xidmətlər, eləcə də istənilən bölgəyə turistlərin cəlb olunmasında tarixi abidələrlə yanaşı, diyarşünaslıq muzeylərinin də böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğunun elmi işçisi Xeyransa Qocayeva dövlət tərəfindən respublikamızda turizmin inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara məlumat xarakterli buklet və ləvazimatlar paylanılıb.