Qazaxıstanda fəaliyyət göstərən “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri fəxri fərmanla təltif olunub
Bakı, 10 mart, AZƏRTAC
Qazaxıstanın Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri, X.Dosmuxambetov adına Atırau Dövlət Universitetinin “Azərbaycan tarix və mədəni irsinin öyrənilməsi Mərkəzi”nin həmsədri, ehtiyatda olan polkovnik-leytenant Eldar Əhmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fəxri fərmanı Daxili İşlər Nazirliyinin Qazaxıstan üzrə nümayəndəsi polkovnik Zəfər Əbiyev tərəfindən təqdim olunub.
Eldar Əhmədov bu təltifə Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin genişləndirilməsinə, iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafına verdiyi dəstəyə, Atırau Dövlət Universitetində “Azərbaycan tarix və mədəni irsinin öyrənilməsi Mərkəzi”nin yaradılmasında, xalqımızın 20 Yanvar, Xocalı faciələrinin Qazaxıstan ictimaiyyətinə çatdırılmasında, ölkəmizin əlamətdar günlərinin qeyd edilməsində göstərdiyi fəallığa görə layiq görülüb.
Tədbirdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətindən, o cümlədən xaricdə yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğıdan, diaspor təşkilatlarına verilən dəstəkdən danışıb. O, “Novruz” Milli-Mədəni Cəmiyyətinin Eldar Əhmədovun rəhbərliyi ilə gördüyü təqdirəlayiq işləri qeyd edərək onun fəaliyyətinin digər diaspor təşkilatları üçün örnək olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin Qazaxıstan Xalqlar Assambleyasının Atırau vilayəti üzrə Katibliyinin rəhbəri Erken Zagiroviç və digər şəxslər çıxışlarında Eldar Əhmədovun gördüyü işlərdən danışıb, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.
“Azərbaycan tarix və mədəni irsinin öyrənilməsi Mərkəzi”ndə təşkil olunmuş tədbirdə Qazaxıstanın yerli dövlət qurumlarının və Atırau vilayətində fəaliyyət göstərən diaspor təşkilatlarının, eləcə də Azərbaycan diasporunun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.