Qazaxıstanda nəqliyyat hadisələrinin təhqiqatı üzrə Mərkəz yaradılacaq

Astana, 19 fevral, AZƏRTAC
Qazaxıstanda cari ilin sonunadək nəqliyyat hadisələrinin təhqiqatı üzrə Mərkəz yaradılacaq.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu ölkənin nəqliyyat nazirinin müavini Talqat Lastayev hökumətin iclasında bildirib ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra Qazaxıstan Respublikasının Aviasiya Administrasiyası əsas iri aviasiya müəssisələrində yoxlamalar aparıb.
“Yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi və onların lazımi avadanlıqla təminatı yolu ilə nəqliyyat qəzalarının təhqiqatı üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır”, -deyə Lastayev bildirib.
Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana