Qazi: Hər müalicə kursundan sonra xeyli irəliləyiş əldə edirəm
Bakı, 23 dekabr, AZƏRTAC
Müharibə təkcə qurbanlar, itkilər, qəhrəmanlıqlar, məhrumiyyətlər, mübarizə və dözüm bahasına başa gəlmir. Çox vaxt onun yaraları illər boyu sağalmır...
Vətən müharibəsi başlayanda Sənan Hacıyev Füzulidə hərbi xidmətdə olub. Sentyabrın 27-də səhər tezdən düşmən artilleriyasının, tank və toplarının səsini də orada eşidib. Hərbi hissənin əsgərləri ilə birlikdə əks-hücum əməliyyatında iştirak edib. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Sentyabrın 28-də bir gündə iki dəfə minaya düşərək yaralanıb. Onu əvvəlcə yaxınlıqda yerləşən kənddəki hospitala aparıblar, oradan isə helikopterlə Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.
İndi 3-cü qrup Vətən müharibəsi əlili olan Sənan vaxtaşırı bərpa müalicələri alır. O, Şağan Reabilitasiya Mərkəzində də müalicə kursu keçib. Artıq üçüncü gündür ki, Bakı Reabilitasiya Mərkəzində müalicə prosedurları qəbul edir.
Sənan Hacıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində müalicələrin gedişindən razılıq edib: “Artıq beşinci dəfədir ki, burada müalicə alıram. Parafin, masaj müalicələri qəbul edir, idman trenajorlarında məşğul olur, fizioterapevtik masajları alıram. Müalicə kursunun gedişindən razıyam, həkim və tibb işçiləri çox böyük diqqət və qayğı ilə yanaşırlar. Hər müalicə prosedurundan sonra xeyli irəliləyiş əldə edirəm. Ümid edirəm ki, budəfəki proseduralar da səmərəli olacaq”.
Mərkəzdə Vətən müharibəsinin iştirakçıları vaxtaşırı müalicə kursları alırlar. Onların hər birinə burada böyük mərhəmətlə yanaşılır, bərpa prosesi keçmələri üçün lazımi tibbi və psixoloji prosedurdan keçmələri təmin olunur.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 45399 şəxsə reabilitasiya xidmətləri göstərilib. Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib. Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar. 11 ay ərzində 11 min 640 əlilliyi olan şəxsə 53 min 793 reabilitasiya vasitəsi verilib.