Qazilərimizə psixoloji və mənəvi dəstək aksiyasına Xəzər rayonu ərazisindən start verilib
Bakı, 26 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının birgə layihəsi olan qazilərimizə psixoloji və mənəvi dəstək aksiyasına Xəzər rayonu ərazisindən start verilib.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Binə qəsəbəsində yaşayan qazilərimizlə görüş keçirilib. Görüşdə Baş İdarənin və federasiyanın rəhbərliyi, məşqçi və psixoloqlar iştirak ediblər. Söhbət zamanı qazilərin müraciətləri aidiyyəti qurum və təşkilatların diqqətinə çatdırılması üçün qeydə alınıb.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilər Vətənimizin keşiyində durmağa daim hazır olduqlarını bildiriblər. Qazilər maraqlı görüş üçün bu layihədə zəhməti keçən hər kəsə təşəkkür ifadə edib, göstərilən dəstəyin onlar üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Layihənin təşkilatçıları bu cür görüşlərin mütəmadi qaydada keçiriləcəyini qeyd ediblər.
Xəzər rayonunda yaşayan bütün qazilərimizlə həftə ərzində belə görüşlərin keçirilməsi planlaşdırılır. Layihənin respublikamızın bütün bölgələrində yaşayan qaziləri əhatə etməsi nəzərdə tutulub.