Qəbələ sakinlərinə narkomaniya ilə bağlı maarifləndirici bukletlər paylanılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə rayonda maarifləndirici aksiya təşkil edib.
İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni maarifləndirici bukletlər sakinlərə paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil edilib. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellektəsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.