QƏBƏLƏ ŞƏHƏRİNƏ ÇƏKİLMİŞ YENİ SU XƏTTİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılış mərasimində iştirak etmişdir.
Buraya toplaşan minlərlə insan dövlətimizin başçısını böyük səmimiyyətlə və gül-çiçəklə qarşıladı.
Prezidentə məlumat verildi ki, su xəttinin çəkilməsinə 1 milyard manat vəsait xərclənmişdir. Sutka ərzində şəhərə 3 min kubmetr su veriləcək ki, bu da Qəbələ əhalisinin 60 faizinin su təchizatını yaxşılaşdırmağa imkan yaradacaqdır.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, kranı açdı. Şəffaf bulaq suyunun axması mərasim iştirakçıları tərəfindən böyük sevinclə qarşılandı. Dövlətimizin başçısı İlham Əliyev sərin sudan içdi, qəbələliləri bu əlamətdar hadisə münasibətilə təbrik etdi.
Rayon sakinləri onlar üçün yaradılan şəraitə görə minnətdarlıq etdilər və dövlətimizin başçısına uzun ömür, cansağlığı arzuladılar.