QƏBƏLƏ TARİX-DİYARŞÜNASLIQ MUZEYİ VƏ TİKİLMƏKDƏ OLAN HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Qəbələ tarix-diyarşünaslıq muzeyində olmuş və Heydər Əliyev muzeyinin binasının tikintisinə baxmışdır.
Dövlətimizin başçısı İlham Əliyevi və Mehriban xanımı burada gül-çiçəklə qarşıladılar. Direktor Xalis Məmmədov məlumat verdi ki, tarix-diyarşünaslıq muzeyi və tikilməkdə olan Heydər Əliyev muzeyi eyni ərazidə yerləşir. Tarix-diyarşünaslıq muzeyi 1980-ci ilin mayından fəaliyyət göstərir. 2004-cü ilin aprelindən yeni binaya köçmüşdür. Fondda 12 mindən çox eksponat vardır. Bunların xeylisi nadir eksponatlardır. Muzey Qəbələnin 2500 illik tarixini əks etdirir. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Qəbələyə səfərlərini əks etdirən fotoşəkillər də toplanmışdır.
Prezident İlham Əliyev Qafqaz Albaniyası dövrünə aid eksponatlarla maraqla tanış oldu, bunların böyük əhəmiyyəti olduğunu, Azərbaycanın qədim tarixə malik olmasını sübut etdiyini vurğuladı.
Dövlətimizin başçısı Heydər Əliyev muzeyinin binasının tikintisinə də baxdı.
Prezident İlham Əliyev tarix-diyarşünaslıq muzeyi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı:
“1980-ci illərin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Qəbələ diyarşünaslıq muzeyi, şübhəsiz öz eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan əvvələ aid yazılı mənbələrdə Qəbələnin adını çəkirlər. Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə yanaşırıq. Biz öz qədim tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Qəbələ diyarşünaslıq muzeyi bu vəzifələri uğurla yerinə yetirir. Qəbələlilərə öz dərin hörmət və məhəbbətimi bildirirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti”.