Qəbələdə azərbaycanlıların soyqırımından bəhs edən sənədli film nümayiş olunub
Qəbələ, 30 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin əməkdaşları, rayonun təhsil işçiləri və şagirdlər iştirak edib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər bu günün mahiyyətindən, erməni daşnaklarının tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən söz açıblar. Bildirilib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilib. Natiqlər Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının zəruriliyini diqqətə çatdırıblar.
Rayon ziyalıları erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarını tariximizin qanlı səhifəsi kimi qiymətləndirib, törədilən qırğınlar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu və bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildiriblər. Natiqlər ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayıb, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin və həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sənədli film nümayiş olunub.