Qəbələdə indiyədək vətəndaşlara 12 min 447 doza vaksin vurulub
Qəbələ, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayonda ötən il istifadəyə verilən modul tipli xəstəxana kompleksində həyata keçirilir. Bu günədək Qəbələ rayonu üzrə vətəndaşlara 12 min 447 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, indiyədək peyvənd olunan vətəndaşlardan 5 min 390 nəfərinə vaksinin hər iki dozası vurulub. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronoVac” vaksinindən istifadə olunur. Ümumiyyətlə, yaş qrupları üzrə indiyədək 65 yaşdan yuxarı vətəndaşlara 3 min 449 doza, 50-65 yaş arasında vətəndaşlara 8 min 9 doza, 50 yaşadək vətəndaşlara isə 989 doza vaksin vurulub.