QƏBƏLƏDƏ MƏKTƏB BİNALARININ İNŞASI VƏ ƏSASLI TƏMİRİ DAVAM ETDİRİLİR
Qəbələ rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qəmərvan kəndində 320, Yemişanlı kəndində 380, Savalan kəndində isə 100 şagird yerlik yeni məktəb binalarının inşasında son tamamlanma işləri görülür. Təhsil ocaqları “Bilik günü”ndə istifadəyə veriləcəkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dövlət büdcəsinin vəsaiti hesabına hazırda 480 şagird yerlik Yenikənd, 220 şagird yerlik Abrıx, 320 şagird yerlik Kürd, 100 şagird yerlik Vəndam, 120 şagird yerlik Köhnə Dizaxlı və 160 şagird yerlik Kiçik Əmili kənd məktəblərinin tikintisi davam etdirilir. Bu təhsil ocaqlarının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin, hazırda şəhər 1,2,3,5 nömrəli və Çüxur Qəbələ kənd orta məktəbləri əsaslı təmir edilir.
Son 4 ildə rayonun Nic, Şəfili, Ovcullu, Çarxana, Daşca, Nohurqışlaq, Bum, Əmirvan, Tüntül, Şüdaş, Hotüklü kənd məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılmış, müasir maddi-texniki baza yaradılmışdır.
Bu il təhsil işçilərinin uğurları da çox olmuşdur. Orta məktəbləri bitirən 1475 məzundan 824-ü ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmişdir. Abituriyentlərdən 63 nəfəri 500-dən çox, 16 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Qəbələ rayonundan 337 nəfər tələbə adını qazanmışdır.
Vəndam kənd 1 nömrəli orta məktəbdə hərbi xidmətə hazırlıq fənnini tədris edən İbad Paşayev “İlin ən yaxşı müəllimi” nominasiyasının qalibi olmuş və ölkəmizin Prezidentinin Sərəncamı ilə 5000 manat məbləğində pul mükafatına layiq görülmüşdür.