Qəbələdə narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri olub
Bakı, 19 yanvar, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin antinarkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Antinarkomaniya” İctimai Birliyinin sədri və başqaları çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.