REGİONLAR
QƏBƏLƏNİN 2004-2008-Cİ İLLƏR ÜÇÜN İNKİŞAF PROQRAMI TƏSDİQ EDİLMİŞDİR
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004-2008-ci illər) Qəbələ rayonu üzrə müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsinə dair proqramın təsdiq edilməsi məqsədi ilə ümumrayon müşavirəsi keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, müşavirədə 5 il ərzində görüləcək işlərdən, həyata keçiriləcək planlardan danışılmışdır. Qeyd edilmişdir ki, yeni planda tütünçülüyü, heyvandarlığı, baramaçılığı, qərzəkli meyvələrin istehsalını dirçəltmək, həmçinin mineral suların qablaşdırılaraq idxalı, inşaat materialı istehsalı müəssisələri tikmək, daha iki körpü salmaq, aqroservis mərkəzləri yaratmaq nəzərdə tutulur. Müşavirədə vurğulanmışdır ki, rayonda turizm xidməti inkişaf etdiriləcək, idman kompleksi, məktəb binaları tikiləcək, fermerlərə güzəştli kreditlər veriləcək, şəhərin içməli su problemi həll ediləcəkdir.