REGİONLAR
Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edir

Qəbələ, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
2023-cü ilin yanvar-avqust aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 58 min 145 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 27 min 42 nəfəri və ya 46,5 faizi Azərbaycan, 31 min 103 nəfəri və ya 53,5 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-avqust aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Belə ki, səkkiz ayda bu ölkənin 9335 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Hindistandan 5494, Birləşmiş Ərəb Əmirliklərindən 5112, Küveytdən 2161, İsraildən 1385, Pakistandan 993, Rusiyadan 797, Qətərdən 797, Omandan 622 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Türkiyə, Bəhreyn, Qazaxıstan, ABŞ və digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
Səkkiz ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 105,1 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Müddət ərzində turizm obyektlərində 974 işçi çalışıb.