QƏDİM MUSİQİ ALƏTLƏRİ ANSAMBLININ 10 YAŞI TAMAM OLMUŞDUR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ansamblın kollektivini yubiley münasibətilə təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi xatırlatmışlar ki, köhnə sistemin dağıldığı və milli ənənələrin dirçəldildiyi bir vaxtda, 1986-cı ildə musiqimizin təbliğinin yeni forması tapıldı, daha doğrusu, qədim forması bərpa edildi. Bu, ədəbi-musiqili məclislər idi. İlk belə məclis Sadıqcanın, ikinci məclis isə Şah İsmayıl Xətainin yaradıcılığına həsr olunmuşdu. Qədim musiqi alətləri ansambl, o zaman başqa tərkibdə ilk dəfə məhz bu məclislərdə çıxış etmişdir.
1991-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində unudulmuş musiqi alətlərinin bərpası laboratoriyası yaradılmışdır. Laboratoriyada bərpa edilmiş ilk qədim alət santur olmuş, sonralar isə əsa-tar, dutar, arfa və başqa qədim alətlər bərpa edilmişdir. Onların hər birinin bərpası üçün böyük səbir və əmək tələb olunurdu.
İndi Qədim musiqi alətləri ansamblı Musiqi Alətləri Muzeyinin nəzdində fəaliyyət göstərir.
Əməkdar artist, tarzən Qabil Əliyev, Musiqi Alətləri Muzeyinin direktoru Alla Bayramova ansamblın kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək bildirmişlər ki, qədim musiqi alətlərinin bərpası və ansamblın fəaliyyəti özlüyündə Azərbaycan mədəniyyətinin, onun qədim ənənələrinin gözəl təbliğidir.
Qədim musiqi alətləri ansamblının bədii rəhbəri, əməkdar artist Məcnun Kərimov bugünkü yubileyin qeyd olunması barədə Sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş, kollektivin 10 illik yaradıcılıq yolundan danışmışdır. Ansambl muğamlar, xalq melodiyaları ifa etmişdir.