Qədim şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən unikal mədəniyyət müəssisəsi - Duz Muzeyi
Naxçıvan, 17 aprel, AZƏRTAC
Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb, 2018-ci ildə Naxçıvan şəhərindəki “Duzdağ” otelində fəaliyyətə başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muzeydə duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və Prezident İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri ekspozisiyada özünəməxsus yerə malikdir.
Muzeydə duzla əlaqədar şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş etdirilən bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” duza verilən böyük dəyərin ifadəsidir.
Mədəniyyət müəssisəsində nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aiddir və Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daşduzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar duzdan hazırlanmış loqotip qədim diyarın özünəməxsus rəmzlərini özündə əks etdirir.
Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvanın tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsinin duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir”.
Şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublika, eləcə də ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki şəhər mədəniyyətinin formalaşması ölkəmizdə qədim yaşayış məskənlərinin hamısı üçün xarakterik deyil. Bu mədəniyyətin formalaşması üçün eyni bölgədə kütləvi əmək məşğuliyyətinin təmin olunması və bunun da əsasında ictimai yaşayış şərtlərinin zəruriliyini doğuran səbəblər olmalıdır. Şəhərləşmə isə məhdud bir ərazidə birgəyaşayış tələblərini doğurur ki, bu da ictimai şüurun inkişafından irəli gəlir. Bu baxımdan Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda, bəşəri əhəmiyyət daşıyır. Çünki söhbət 5-7 min illik davamlı bir fəaliyyət sahəsindən gedir. Elə bu muzeyin unikal olmasını şərtləndirən amil də odur ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq, bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub.