REGİONLAR
Qədir Xəlilov: Naxçıvanda gənclərin potensiallarının artırılmasına tam şərait yaradılıb
Naxçıvan, 19 sentyabr, Nail Əsgərov, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq gənclər siyasətinin icrası ilə bağlı tapşırıqlar verilir və Gənclər Fondu da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısının ötən ilin sonlarında imzaladığı Sərəncamla 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, eləcə də noyabr ayında Bakıda COP29 kimi mötəbər tədbirin keçirilməsi fondun da qarşısında bir sıra vəzifə və hədəflər qoyub. Bununla bağlı ilin əvvəlindən tədbirlər müəyyən olunub. Paytaxt Bakıda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və digər bölgələrdə bir sıra layihələr reallaşdırılıb. Belə tədbirlərdən biri də uzun illərdir davam edən “Səyyar Gənclər Xidməti”dir ki, bu gün ilk dəfə olaraq Naxçıvanda da bu layihənin icrasına başlandı.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov söyləyib.
O deyib: “Naxçıvanda layihə 7 gün ərzində həyata keçiriləcək. Bu zaman çərçivəsində ölkəmizin gənclər siyasəti, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təlimlər, master-klaslar təşkil olunacaq. Gələcəyimiz olan gənclərə zəngin ekoloji biliklər veriləcək. Hesab edirəm ki, gənclərimiz bu istiqamətdə yetərincə maariflənəcək və bu biliklər onlara gələcək fəaliyyətlərində böyük kömək olacaq”.
Qədir Xəlilov bildirib ki, bu il muxtar respublikada Azərbaycan Gənclər Fondunun filialının fəaliyyət göstərməsi ilə gənclərin potensiallarının gücləndirilməsinə tam şərait yaradılıb. Bununla həm gənclər təşkilatları üçün, həm də fərdi layihələrə müraciət etmək baxımından muxtar respublika gəncləri üçün geniş imkanlar açılıb. Gələcəklə bağlı bütün layihələrdə Naxçıvan gəncləri də iştirak edəcək. Azərbaycan Gənclər Fondu bu sahədə üzərinə düşən bütün dəstəyi göstərəcək.
Qeyd edək ki, bu gündən Naxçıvanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib. İlk olaraq Şərur rayonunda keçirilən layihə 7 gün ərzində muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.