Qəhvəyi mərmər bağacığı ilə əlaqədar maarifləndirici tədbirlər aparılıb
Bakı, 10 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində agentliyin fitosanitar müfəttişləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif növ pestisid və aqrokimyəvi maddələrin satışı mağazalarında, Nərimanov rayonundakı inşaat materiallarının (taxta satışı) satışı yerlərində, Xəzər rayonu, Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə” MMC və “Alza Holding” MMC-yə məxsus istixana tipli meyvə bağlarında keçirilmiş görüşlərdə zərərvericinin yayılma yolları, inkişafı, qidalanması, məskunlaşma yerləri, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilib.
Zərərvericinin payız və qış mövsümündə qışlama yerlərinin maksimum azaldılmasına xüsusi diqqət yetirilməsi tapşırılıb. Qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaq, müvafiq tədbirlər həyata keçirmək, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermək xahiş olunur.