Qellapa institutu: amerikalılar psixi sağlamlıqlarından daha çox narahatdırlar
Vaşinqton, 16 aprel, AZƏRTAC
Öz psixi sağlamlıqlarından daha çox narahat olan amerikalılar koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün ştatların administrasiyaları tərəfindən tətbiq olunmuş sosial məsafə üzrə qaydaların tezliklə ləğv olunacağını gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qellapa İnstitutunun keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən hazırlanmış məruzədə qeyd olunub.
Araşdırma göstərib ki, amerikalıların 68 faizi "zəruri vaxtın" sosial məsafə prinsiplərinə fiziki sağlamlıqlarında narahatlıq hiss olunana qədər əməl edə bilər. Amerikalıların 54 faizi maliyyə çətinlikləri yarananadək, 48 faizi isə psixi sağlamlıqları ilə bağlı problemlərlə üzləşənə kimi bu qaydalara əməl edə biləcəyini bildirib.
Bundan əlavə, amerikalıların 15 faizinin psixi, 6 faizinin fiziki sağlamlıqla bağlı narahatlıq keçirməsi, 9 faiz amerikalınin isə maliyyə çətinlikləri ilə üzləşməsi müəyyən edilib.
18-44 yaş hədlərində olan amerikalıların çoxu emosional və ya psixi sağlamlıqlarının artıq pisləşdiyini vurğulayıb. Psixi sağlamlıqlarından şikayətlənən rəyi soruşulanların faiz dərəcəsi yuxarı yaş kateqoriyalarından olanlar arasında daha az aşkarlanıb. Məsələn, sualları cavablandıranlar arasında psixi sağlamlıqlarından narazılıq edənlər yaşı 65-dən çox olanların yalnız 5 faizində müşahidə olunub.
Sorğu aprelin 6-dan 12-dək, bir neçə ştatın qubernatorunun öz ştatlarının sərhədlərini tədricən açmağı və sosial distansiya üzrə tələbləri zəiflətməyi planlaşdırdığını bildirməsindən sonra keçirilib.
AZƏRTAC-ın Vaşinqton bürosu