SİYASƏT
Qətərin rəsmi agentliyi bu ölkənin Milli Günü münasibətilə Azərbaycan diplomatının müsahibəsini yayıb
![Qətərin rəsmi agentliyi bu ölkənin Milli Günü münasibətilə Azərbaycan diplomatının müsahibəsini yayıb](/files/2021/3/1200x630/16400103014871431925_1200x630.jpg)
Qahirə, 20 dekabr, AZƏRTAC
Dekabrın 18-də Qətər Dövlətinin Milli Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün münasibətilə Qətərin rəsmi xəbər agentliyində Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılovun müsahibəsi yayımlanıb.
R.İsmayılov əlamətdar gün münasibətilə qardaş Qətər Dövlətinin rəhbərliyinə, hökumətinə və xalqına səmimi təbriklərini, ən xoş arzularını çatdırıb, müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etməkdə olan Azərbaycan-Qətər əlaqələri barədə danışıb. Diqqətə çatdırıb ki, iki dost ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Ötən il əlaqələrin möhkəmlənməsində yeni perspektivlər açılıb, bir sıra mühüm sənədlər imzalanıb. Belə ki, sentyabrın 7-də ikitərəfli siyasi məsləhətləşmələrin ikinci mərhələsi, həmçinin oktyabrın 18-də Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası, Birgə İnvestisiya İşçi Qrupunun toplantısı və biznes forumu keçirilib.
Mədəniyyət sahəsində əməkdaşlığın inkişafından bəhs edən səfir bildirib ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə "Katara" Mədəniyyət Şəhərciyi Fondu arasında virtual formatda görüş, Qətər Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Diplomat sonda qeyd edib ki, gələn il Qətər futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Pandemiya şəraiti ilə bağlı çətinliklərə rəğmən, bu mötəbər idman tədbirinə hazırlıq yüksək səviyyədə olub. Azərbaycan çempionatın uğurla keçməsi üçün dost ölkəyə uğurlar arzulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə