“Qeyri-formal təhsilin əsasları” layihəsi çərçivəsində təlimlərə başlanılıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Qeyri-formal təhsilin əsasları” layihəsi çərçivəsində təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a ictimai birliyin mətbuat xidmətindən bildirilib.
Birliyin sədri Şahin Rəhmanlı gəncləri layihəyə seçilmələri münasibətilə təbrik edib. Təşkilat olaraq fəaliyyətlərin qeyri-formal təhsilin əsas prinsiplərinə uyğun olaraq təşkil olunduğunu qeyd edən Ş.Rəhmanlı diqqətə çatdırıb ki, layihədə iştirakçı olan gənclər Birliyin fəaliyyətində aktiv iştirak edərək, öz bilik və bacarıqlarını artıra bilərlər.
“Qeyri-formal təhsilin əsasları” layihəsinin rəhbəri Raziyə Dadaşzadə layihə çərçivəsində baş tutacaq fəaliyyətlər haqqında məlumat verib. Bildirib ki, dövrümüzdə təhsilin inkişafı bu sahənin daha effektiv və maraqlı olması üçün interaktiv metodlar, praktiki təcrübələrdən istifadəni şərtləndirir. Bu səbəbdən bir çox təhsil müəssisələrində qeyri-formal təhsildən istifadə olunur. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən layihənin əsas məqsədi də gənclərlə işləyən şəxslərin bacarıqlarını təkmilləşdirmək, habelə qeyri-formal təhsil metod və alətləri üzrə biliklərini inkişaf etdirməkdir.
Daha sonra təlim proqramına start verilib.
Qeyd edək ki, bir ay müddətində həyata keçiriləcək layihə çərçivəsində gənclərlə iş, öyrənmə zonaları, inklüziv təhsil, təqdimat bacarıqları və digər mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin sonunda iştirakçılar qrup şəklində praktiki sessiyalar təşkil edərək, təlimçilərlə birlikdə öz proqramlarını hazırlayacaqlar. Layihədə iştirak etmiş gənclərin növbəti fəaliyyət müddətində öz əldə etdikləri biliklərinin auditoriyaları ilə bölüşməsi planlaşdırılır. Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır-2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi çərçivəsində keçirilir.