Qeyri-qanuni yollarla Qusara istirahətə gələn şəxslər cərimələniblər
Qusar, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.