Qəzaya uğrayan kiçik təyyarə Vaşinqton yaxınlığında avtomagistrala düşüb
Vaşinqton, 13 sentyabr, AZƏRTAC
Qəzaya uğrayan kiçik, iki sərnişin yeri olan təyyarə Vaşinqton yaxınlığındakı Merilend ştatının Boui şəhərində şoseyə düşüb.
AZƏRTAC xəbər verir ki, avtomagistrala düşən təyyarə içərisində iki kişinin olduğu avtomobili də əzib. Onların hər ikisi yüngül xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Təyyarənin 58 yaşlı pilotu Yulius Tolson və onun xanımı yüngül bədən xəsarətləri alıblar. Merilend ştatının polisi bildirib ki, pilot təyyarəni endirdiyi vaxt yüksəkliyi düzgün hesablaya bilməyib. ABŞ-ın Federal Mülki Aviasiya İdarəsinin əməkdaşları insidentlə bağlı təhqiqat aparırlar.