Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Qırğızıstan Azərbaycanın “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı təcrübəsindən yararlanacaq.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Bakıda səfərdə olan Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayev bildirib.
O deyib ki, Azərbaycan “Elektron məhkəmə” informasiya sistemi sahəsində böyük nailiyyətlər əldə edib:“Bunu bilərək azərbaycanlı həmkarlarımıza müraciət etdik və onlar bizə rəqəmsallaşma istiqamətində görülən işlərlə tanış olmaq imkanı yaratdılar. Səfərimiz çərçivəsində Ali Məhkəmədə, Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində olduq, rəqəmsal xidmətlərin necə işlədiyini əyani şəkildə gördük”.
Qırğızıstan Ali Məhkəməsinin sədr müavini xatırladıb ki, hazırda bütün dünyada rəqəmsal transformasiya prosesi gedir. Bu çərçivədə Qırğızıstanın məhkəmə sistemində də rəqəmsallaşdırma istiqamətində fəal iş aparılır, çoxsaylı xidmətlər istifadəyə verilib. Məhkəmə icraatının daha da inkişaf etdirilməsi isə qarşıda duran əsas vəzifələrdən biridir. “Qırğızıstanda bir çox xidmətlər tətbiq olunub, lakin onlar əsasən pərakəndə haldadır. Bütün məhkəmə sistemi miqyasında bunun necə işlədiyini, idarəetmənin necə aparıldığını öyrənmək üçün Azərbaycan təcrübəsi ilə tanış olmaq istədik. Biz burada çox şeyi mənimsədik və düşünürəm ki, bunları Qırğızıstanda reallaşdıracağıq”,- deyə o qeyd edib.