Qızlar arasında keçirilmiş basketbol turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında keçirilmiş basketbol üzrə turnirin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 11 təşkilatdan 22 komanda mübarizə aparıb.
Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandaların tərkibində həm UNİFİED (inklüziv birləşmiş), həm də əqli imkanları məhdud idmançılar mübarizə aparıblar.
Sonda yüksək nəticə göstərən komandalar mükafatlandırılıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.