“Qladiator natiqlik məktəbi” layihəsinin icrasına başlanılmışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). İdeyası 2012-ci ilin fevral ayında ortaya çıxan və ilk pilot layihəsi cari ilin fevral-mart aylarında keçirilmiş qladiator debatları - Azərbaycan, türk dünyası və bütün Şərqin ilk milli debat formatıdır.
Qladiator debatları düşüncə və ritorika oyunu kimi cəmiyyət üçün vacib olan fərdi inkişafa istiqamətlənmişdir. Formatda ənənəvi olimpiada sistemindən imtina edilmiş və turnir yeni “Kolizey” sisteminə əsaslanmışdır.
AZƏRTAC xəbər verir ki, “Qladiator natiqlik məktəbi” layihəsi qladiator debatlarının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsində qaliblərdən biri olaraq maliyyələşdirilən ilk layihəsidir.
Layihənin məqsədi qladiator debatları milli intellektual oyunu vasitəsilə gəncləri komanda şəklində fərdi inkişafa yönəldərək onlarda təqdimat, kritik düşüncə, bədən dili, natiqlik kimi bacarıqları təcrübi platformada inkişaf etdirməkdir.
Məlum olduğu kimi, 2013-cü il həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilidir. Ulu Öndər bütün dünyada dahi siyasətçi kimi tanınmaqla yanaşı, həm də gözəl natiq olmuşdur. “Qladiator natiqlik məktəbi” layihəsinin məhz belə bir ildə reallaşdırılması formatın yaradıcıları tərəfindən Ulu Öndərin əziz xatirəsinə ithaf edilir.
Layihə 3 ay davam edəcəkdir. İlk ay hazırlıq, elanların verilməsi, CV-lərin qəbulu və müsahibə götürülməsi kimi dörd yarımmərhələdən ibarətdir. Layihənin növbəti ayının ilk həftəsində isə təlimlərə başlanılacaqdır. Təlimlər formatın quruluşçusu, 7 illik debat təcrübəsinə malik Həbib Heydər, ritorika üzrə peşəkar təlimçi Tofiq Sadıxov və respublikanın güclü debatçılarından sayılan Elşən Yusibov tərəfindən keçiriləcəkdir.
Növbəti 2 ayda həm də müxtəlif mövzularla bağlı ekspertlərlə görüşlər, fərdi inkişafla əlaqədar təlimlər və “Kolizey” adlandırılan qladiator debatları turniri keçiriləcəkdir. Layihə müddətində iştirakçılar üçün əyləncə xarakterli tədbirlər də nəzərdə tutulur.
Layihədə Bakı və Sumqayıt şəhərlərindən 14-29 yaş arası subbakalavr, bakalavr, magistr təhsili alan, eləcə də ali təhsili olmayan şəxslər iştirak edə bilərlər. İştirakçılar layihədə debat və strategiya oyunlarının sintezini duyacaq, qlobal, geosiyasi, fəlsəfi, mədəni, ekoloji mövzuların debat oyunlarında iştirak edəcəklər.
Sonda qaliblər sertifikatlar və xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.
Layihənin bütün bölümləri Azərbaycan dilində təşkil olunacaqdır.