Qlobal elmi arenada nüfuz qazanan “Acta Botanica Caucasica” jurnalı akademik platformaya çevrilib
Bakı, 7 may, AZƏRTAC
“Acta Botanica Caucasica” beynəlxalq elmi jurnalı qısa müddət ərzində elmi ictimaiyyətin diqqətini cəlb edib, ölkənin elmi həyatında özünəməxsus yer tutaraq nüfuzlu akademik platformaya çevrilib.
Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanovun baş redaktorluğu ilə təsis edilən jurnal 2022-ci ildən dərc olunur.
Professor Elşad Qurbanov AZƏRTAC-a bildirib ki, “Acta Botanica Caucasica” elmi obyektivlik, şəffaf və çoxpilləli resenziya mexanizmi, eləcə də müasir beynəlxalq elmi nəşr standartlarına uyğun redaksiya siyasəti ilə seçilir. Jurnalın elmi keyfiyyət göstəricilərinin rəsmi təsdiqi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. Bu qərar jurnalda dərc olunan tədqiqatların elmi səviyyəsinə verilmiş yüksək və obyektiv qiymətin göstəricisidir.
Eyni zamanda, jurnal beynəlxalq elmi dövriyyəyə fəal şəkildə inteqrasiya olunub. AGRIS (FAO), EBSCO, “Index Copernicus International”, “Google Scholar”, “Scilit və Crossref” (DOI) kimi nüfuzlu elmi bazalarda indekslənməsi “Acta Botanica Caucasica”da dərc edilən məqalələrin qlobal elmi mühitdə əlçatanlığını və sitat potensialını əhəmiyyətli dərəcədə artırır.
Baş redaktor bildirib ki, “Acta Botanica Caucasica” gələcəkdə fəaliyyət dairəsini daha da genişləndirərək Azərbaycanın elmi nüfuzunun beynəlxalq səviyyədə güclənməsinə və botanika elminin qlobal miqyasda tanıdılmasına mühüm töhfələr verəcək.