QLOBAL İQLİM DƏYİŞİKLİKLƏRİ “İQLİM QAÇQINLARININ” YARANMASINA SƏBƏB OLACAQ
İqlimin dəyişməsi ilə əlaqədar 2050-ci il üçün planetimizdə dəniz səviyyəsinin qalxmasından qaçan, yaxud qeyri-münbit torpaqlardan köçmüş 150 milyona yaxın “iqlim qaçqını” ola bilər. Bunu BMT-nin himayəsi altında işləyən İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun (IPCC) üzvləri İngiltərənin Ekseter şəhərində keçirilmiş qlobal istiləşmə problemlərinə dair beynəlxalq konfransda bildirmişlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, IPCC-nin proqnozlarına görə, yüzilliyin sonuna yaxın planetdə temperatur 1990-cı illə müqayisədə 1,4-5,8 dərəcə yüksələcəkdir. Həmin dövrədək dəniz səviyyəsi 9-88 santimetr qalxacaqdır. İqlimin istiləşməsi planetin bir çox regionlarının əziyyət çəkdiyi quraqlıq və içməli su qıtlığı problemini xeyli kəskinləşdirəcəkdir. Artıq indi 1,4 milyard adam ildə adambaşına min kubmetrdən də az su düşən regionlarda yaşayır.
Böyük əhali kütləsinin məcburən yaşayış yerini dəyişməsinə ciddi sanitariya problemləri də əlavə olunacaqdır. İqlimin istiləşməyə başladığı vaxtdan, ötən əsrin 70-ci illərinin əvvəlindən sonunadək qlobal istiləşmə 150 minədək insanın həyatına son qoymuşdur. Onlar, əsasən, yoluxucu xəstəliklərdən və aclıqdan ölmüşlər. 2020-ci ilədək bu rəqəm mədə infeksiyaları və daşqınlar nəticəsində yaranan aclıq üzündən iki dəfə arta bilər.
Bu hesablamalar “parnik qazlarının” atmosferə buraxılmasının dinamikasına əsaslanır. İqlim dəyişikliyi insan sağlamlığı üçün bəzi müsbət nəticələr də verəcəkdir. Lakin bu, əsasən, şimal ölkələrinə aiddir. Burada iqlim istiləşəcək, məhsuldarlıq isə artacaqdır.
Temperaturun 2 dərəcədən də çox qalxması ayrı-ayrı heyvan və bitki növlərinin məhv olmasına, aclığın yayılmasına və su qıtlığına, xüsusən, inkişaf etməkdə olan ölkələrdə ciddi sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər.