Qlobal tədqiqat qrupu Parkinson xəstələrinə pulsuz genetik test təklif edib
Bakı, 30 iyul, AZƏRTAC
Tədqiqatçılar müəyyən ediblər ki, Parkinson xəstəliyi olan insanlarda gen mutasiyaları gözləniləndən daha çox yayılır. Bu xəstələrə genetik testləri daha geniş şəkildə təqdim etmək təklif edilib.
AZƏRTAC “Brain” tibb jurnalında dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, tədqiqatçılar Parkinson xəstəliyindən əziyyət çəkən müxtəlif irq və etnik mənsubiyyətə malik 8000-dən çox xəstədə aparılan genetik profilin 13 faizində mütərəqqi beyin pozğunluğunun genetik formasını aşkar ediblər. Başlanğıcda daha erkən yaş, birinci dərəcəli qohumda Parkinson xəstəliyi və ya Aşkenazi yəhudisi, ispan bask və ya Şimali Afrika bərbəri kimi müəyyən əcdadları olanlarda məlum risk faktorlarının nisbəti 18 faiz olub. Heç bir məlum risk faktoru olmayan xəstələrin isə 9 faizdən çoxunda predispozan genetik mutasiyası olub.
Alimlər xəstəlik üçün yeni gen-spesifik dərmanların bu sahədə əhəmiyyətli olduğunu bildiriblər. Əvvəlki tədqiqatlar Parkinson xəstəliyi hallarının təxminən 5-10 faizinin genetik variantlarla əlaqəli olduğunu irəli sürüb və amma onların əksəriyyəti məlum risk faktorları olan xəstələrlə məhdudlaşıb.
Gen-spesifik müalicə sınaqlarının davam etdiyini bildirən tədqiqat qrupu hesab edir ki, xəstəliyin proqnozuna potensial təsir göstərən, habelə ailə risklərinə işıq salan genetik nəticələrlə Parkinson xəstəliyi olan hər kəsə klinik genetik test təklif edilməlidir.
Alimlər bütün dünyada Parkinson xəstəliyi olan hər kəsin PDGENE tədqiqatına yazıla biləcəyini qeyd ediblər. Onlar link vasitəsilə burada pulsuz genetik testdən keçə bilərlər.