“Qlobal tütün istehlakı” mövzusunda sorğu keçiriləcək
Bakı, 13 aprel, AZƏRTAC
Dövlət Statistika Komitəsi (DSK) may ayının ilk ongünlüyündə “Qlobal tütün istehlakı” mövzusunda sorğu keçirəcək.
Sorğu müasir informasiya texnologiyalarını tətbiq etməklə təşkil olunacaq. Statistik məlumatların yerlərdən real vaxt rejimində daha dolğun, operativ formada qəbul edilib hazırlanması üçün planşet tipli tablet kompüterlərdən istifadə ediləcək. Artıq tender elan olunub və kotirovka sorğusu prosedurunun təşkilinə başlanılıb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, inkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar planşet tipli tablet kompyuterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülür və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa komitənin server şəbəkəsinin xüsusi ünvanına ötürülür. Səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı vasitəsi ilə sorğunun dolğunluğu yoxlanılır. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir.
Qeyd edək ki, bu ilin fevral ayında komitə BMT-nin Uşaq Fondunun ekspert və metodoloji köməkliyi ilə məhrumiyyətlərə dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu texnologiyanın ev təsərrüfatlarının tədqiqatı, qiymət müşahidəsinin aparılmasında və digər işlərdə tam tətbiqi planlaşdırılır.