“Qobu park” yaşayış kompleksində məcburi köçkünlərə dəstək tədbiri təşkil olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki səfirliyi “Qobu park” yaşayış kompleksində yerləşən “Xarıbülbül” təlim və istehsal mərkəzində sosial dəstək tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov məcburi köçkünlərin problemlərinin həllinin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu və hazırda onların öz doğma yurdlarına qayıdışına hazırlıq tədbirlərinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərə xüsusi qayğı göstərir, onlarla görüşlər keçirir, arzu və istəklərini şəxsən dinləyir, mənzil-məişət, təhsil, sağlamlıq məsələlərini həll edir.
Bildirilib ki, ölkəmizdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tədbirlərinin görülməsi ilə yanaşı, son illər bu sahəyə özəl sektor da töhfələr verib. Qonaqların diqqətinə çatdırılıb ki, tədbirin keçirildiyi “Qobu park” yaşayış kompleksi özəl sektor tərəfindən, dövlət vəsaiti istifadə olunmadan tikilib. Eyni zamanda, bildirilib ki, “Xarıbülbül” kompleks ərazisində yaşayan məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədilə yaradılıb. Burada məcburi köçkün şəhid və müharibə veteranlarının ailələri çalışır.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Qeyd edib ki, gələcəkdə səfirlik tərəfindən məcburi köçkünlərlə bağlı icra edilən tədbirlər genişləndiriləcək.
Qonaqlar “Koreya-Azərbaycan” dostluq münasibətlərini əks etdirən sərgidə əl işlərindən ibarət rəsmlərə baxıb. Müsabiqədə iştirak edən məktəblilərə hədiyyə və sertifikatlar təqdim edilib.
Daha sonra tədbir iştirakçıları mərkəzdə hazırlanan zərgərlik əşyaları və xalçalarla tanış olublar, burada çalışan məcburi köçkünlərlə söhbət ediblər. Səfirlik tərəfindən “Xarıbülbül”ə ip, əriş-arğac və bir sıra texniki avadanlıqlar hədiyyə edilib.