Qorqudşünaslığa yeni töhfə
Bakı, 23 sentyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu. Dastanın “Alp Aruz variantı”nın ilk bərpa təcrübəsi” adlı kitabı çapdan çıxıb. Bu, müəllifin “Kitabi-Dədə Qorqud” eposu” seriyasından ikinci kitabıdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin elm aləminə ilk dəfə daxil etdiyi “Dədə Qorqud” eposunun “Alp Aruz variantı” anlayışı, həmin variantın poetik struktur və nəzəri-metodoloji bərpa məsələləri, “Alp Aruz variantı”nın “Dədə Qorqud”un II və VIII boylarından bərpası kimi məsələlərdən bəhs olunur. “Alp Aruz variantı”nın şərti adlar altında “Alp Aruzun Uruzu ərgənlik//inisiasiya ritualından keçirməsi və ona ad verməsi”, “Alp Aruzun evinin yağmalanması”, “Aruzun kor olmuş gözlərinin açılması”, “Qıyan Selcikin dirilməsi” kimi boylarının strukturu bərpa edilir.
“Elm və təhsil” nəşriyyatında çap edilmiş kitabın redaktorları professor Mehmet Aça, dosentlər Səfa Qarayev və Hikmət Quliyev, rəyçi-ekspert isə dosent Qalib Sayılovdur.
Qeyd edək ki, müəllifin “Kitabi-Dədə Qorqud” eposu” seriyasından eyni formatda nəşr etdirdiyi birinci kitabı “Dədə Qorqud” eposu. “Qəhrəmanın ölüb dirilməsi” adlanır.