ELM VƏ TƏHSİL
QS Beynəlxalq Reytinq Agentliyinin iştirakı ilə ali məktəblərin nümayəndələri üçün təlim təşkil olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və QS Beynəlxalq Reytinq Agentliyinin regional direktoru Sergey Xristolyubovun iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti təlim və komanda quruculuğu görüşü baş tutub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, direktor Ülkər Səttarova əsas hədəfin yerli universitetlərin beynəlxalq reytinqlərdəki mövqeləri deyil, müəssisələrin daxilində təhsil və elmi prosesləri əks etdirməsi olduğunu qeyd edib. Eyni zamanda, beynəlxalq reytinqlərdə iştirakın ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun artırılması üçün yaratdığı imkanların və qarşıda duran hədəflərə nail olmaq üçün ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Direktor qeyd edib ki, ali təhsil müəssisələrinin siyasətinin və uzunmüddətli strategiyasının müəyyənləşdirilməsi üçün beynəlxalq reytinqlərdə iştirak nəticəsində üzə çıxan təhlillər vacib amillərdən biridir.
QS Agentliyinin regional direktoru Sergey Xristolyubov “Ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılmasında reytinqlərin rolu” mövzusunda təqdimatla çıxış edib və Azərbaycan üzrə təhlil məlumatlarına əsaslanan hesabatları təqdim edib. Eyni zamanda, görüş çərçivəsində reytinq göstəriciləri üzrə mövqelərin yaxşılaşdırılması üçün yaradılan imkanlar və prosesdə yaranan çətinliklər barədə geniş müzakirələr aparılıb.
Sonda sessiya iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Beynəlxalq görünüş, beynəlmiləlləşmə və inkişaf” mövzularında məlumatlılığın artırılması məqsədilə təşkil olunmuş sessiyada 30 ali təhsil müəssisəsindən nümayəndələr iştirak ediblər.