Quba, Qusar və Xaçmazda aparılan fitosanitar monitorinqlər zamanı 74 nümunə götürülüb
Bakı, 12 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli olan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini vaxtında müəyyənləşdirmək üçün bitkiçilik məhsullarının istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparılır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı bitki hissələrindən nümunələr götürülməklə yanaşı, müxtəlif növ zərərvericinin ölkə ərazisində və ya monitorinq aparılan təsərrüfatda mövcudluğunu müəyyən etmək məqsədilə feromon tələlərdən istifadə edilir.
Bu il Quba, Qusar və Xaçmaz rayonları ərazisində 19-u Qəhvəyi mərmər bağacığına, 16-sı Şaftalı meyvəyeyəninə, 15-i Aralıq dənizi meyvə milçəyinə və 13-ü Qərb çiçək tripsinə aid ümumilikdə 63 feromon tələ asılıb. Həmçinin monitorinqlər zamanı alma, armud, gilas və nektarin ağaclarının müxtəlif hissələrindən ümumilikdə 74 nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.