Quba Rayon Mərkəzi Kitabxanasının binası əsaslı təmir olunub VİDEO
Quba, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Mərkəzi Kitabxanasının binası əsaslı təmir olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bina yeni inventar və avadanlıqlarla təmin edilib. Kitabxananın oxucu masaları, kitab rəfləri, kataloq qutuları yenilənib. Bununla yanaşı, mərkəzi kitabxana 30 yeni kompüterlə də təchiz olunub.
Hazırda kitabxana binasında əsaslı təmirdən sonra tərtibat işləri görülür.
Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bildirib ki, binaya yeni internet və telefon xətləri də çəkilib. Kitabxananın fondunda 50 minə yaxın kitab saxlanılır. Bu müəssisənin xidmətlərindən il ərzində 60 minə yaxın oxucu faydalanır.
Oktyabr ayında start götürən təmir işləri üç ay ərzində yekunlaşdırılıb.