REGİONLAR
Quba rayonu ərazisində bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 11-də ölkə ərazisində bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Quba rayonu ərazisində bir neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində Çayqovuşan-Yerfi-Qayadalı və Çayqovuşan-Adur avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, Yerfi kəndi ərazisində Babaçay çayı üzərində mövcud körpünün yanaşma hissəsi (təqribən 11-12 m uzunluqda) dağılıb.
Həmin yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “11 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.