QAN YADDAŞI
Quba sakini: Ermənilər törətdikləri soyqırımlarına görə cavab verməlidirlər
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli faciələrdən biridir. Bir gecənin içində 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsi tariximizin ən acı səhifələrindəndir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımı abidəsini ziyarət etməyə gələn Quba rayon sakini Ənvər Əliyev deyib.
Həmsöhbətimiz qeyd edib ki, o vaxt ölkə rəhbərliyi beynəlxalq ictimaiyyəti faciədən xəbərdar etmək üçün heç bir addım atmadı. Əlimiz heç yerə çatmırdı. İndi isə bu sahədə çox işlər görülür. Bir sıra ölkələr, o cümlədən ABŞ-ın 20-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bundan sonra da faciənin dəhşətlərini, ermənilərin törətdikləri qanlı cinayətləri dünya ictimaiyyətinə davamlı şəkildə çatdırmaq lazımdır. Bunun üçün xaricdə yaşayan vətəndaşlarımız birləşərək təbliğat kampaniyasını daha da gücləndirməlidirlər.
“Ermənilər vaxtilə Qubada və digər ərazilərdə da buna bənzər dəhşətli qırğınlar törədib, azərbaycanlı və müsəlman əhalini vəhşicəsinə qətlə yetiriblər. Onlar bu soyqırımlarına görə cavab verməlidirlər. Xüsusən gənclərimizə tövsiyə edirəm ki, belə faciələrimizi heç vaxt unutmasınlar” – deyə Ənvər Əliyev vurğulayıb.