Quba şəhərində növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb
Quba, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada vətəndaşlar arasında sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə maarifləndirmə və izahat işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin daha çox olduğu yerlərdə, eləcə də aptek və ərzaq mağazalarında reydlər keçirilib.
Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunub, tövsiyələr verilib. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Bununla yanaşı Quba şəhərində xüsusi texnika vasitəsilə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri şəhərin park və xiyabanlarında, eləcə də əhalinin daha çox toplaşdığı digər məkanlarda təşkil edilib.