Quba-Xaçmaz regionu üzrə 7247 şagird birinci sinfə qədəm qoyub
Quba, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Yeni tədris ilində Quba-Xaçmaz regionu üzrə məktəblərin I siniflərinə 7247 şagird qədəm qoyub. IX siniflərdə 7825, XI siniflərdə isə 5488 şagird oxuyacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 2023-2024-cü tədris ilində regionun ümumtəhsil müəssisələrində 83 min 835 şagird təhsil alacaq.
Region məktəblərində yeni tədris ilinin ilk dərsləri “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.
Tədris ilinin əvvəlində Qubada yeni tikilən məktəblərdən Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbi, Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbi, Daşqın Cavadov adına Qələdüz kənd ümumi orta məktəbi (modul), Xaçmazda Şıxlar kənd ibtidai məktəbi (modul) “Bilik Günü”ndə qapılarını şagirdlərin üzünə açıb. Əsaslı təmir olunub əlavə korpus tikilən Xaçmaz rayonu Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbində də bu gün ilk zəng çalınıb.
Ümumilikdə regionda 12 məktəb binası əsaslı təmir olunaraq bu gündən şagirdlərin istifadəsinə verilib.