QUBADLI RAYON MÜƏLLİMLƏRİNİN KONFRANSI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 10-da Sumqayıtdakı Üzeyir Hacıbəyov adına Mədəniyyət sarayının konfrans salonunda Qubadlı rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Məlum olduğu kimi, taleyin qismətindən, bu rayonun məcburi köçkün vəziyyətinə düşmüş sakinləri respublikanın 47 rayonunda məskunlaşmışdır.
Rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyevanın məruzəsində qeyd edilmişdir ki, 41 orta təhsil müəssisəsində 6 mindən çox şagird oxuyur, məktəb yaşına çatmamış uşaqlar üçün dörd uşaq bağçası fəaliyyət göstərir. Respublika Təhsil Nazirliyinin xətti ilə orta məktəblərin buraxılış sinifləri üçün keçirilmiş üç sınaq imtahanının müsbət rolu qeyd edilmişdir. Bu il Qubadlı rayonunun orta məktəblərini bitirmiş məzunların 97 faizinin ali təhsil almaq arzusunda olduğu bildirilmişdir. Onlardan 113 nəfəri və ya 33 faizi öz arzusuna çatmışdır. 16 abituriyent qəbul imtahanlarında 500-dən çox, o cümlədən 5 abituriyent 600-dən çox bal toplayaraq respublikanın ali məktəblərinə daxil olmuşdur.
Keçən dərs ilinin əlamətdar hadisələri sırasında ölkəmizin Prezidenti İlham Əiliyevin Sərəncamı ilə Qara İlyasov adına 1 saylı Qubadlı orta məktəbinin 125 illik yubileyinə həsr edilmiş təntənəli tədbirlər xatırlanmışdır. Bu münasibətlə rayon müəllimlərindən 13 nəfəri yüksək dövlət təltiflərinə, döş nişanlarına və Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür.
Orta məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xeyli iş görülmüşdür. Təkcə son dörd ildə Qubadlı rayonu üçün 20 məktəb tikilmişdir. Yeni dərs ilinin əvvəlində daha üç təhsil ocağı və üç tədris laboratoriyası istifadəyə veriləcəkdir. Öz ənənələrinə sadiq qalan Heydər Əliyev Fondu rayonun 643 birinci sinif şagirdinə çanta, 16 adda tədris ləvazimatı və məktəbli forması hədiyyə etmişdir.
Təhsil şöbəsinin fəaliyyətinin bütün cəhətlərini əhatə edən məruzədə mövcud nöqsanların tənqidinə də xeyli yer verilmişdir.
Konfransda məruzə ətrafında çıxışlarda rayon icra hakimiyyətinin müsbət işi qeyd edilmiş, bütün məktəblərdə əsaslı təmir işlərinin aparılması vurğulanmışdır. Bildirilmişdir ki, orta məktəblər müasir avadanlıq və mebellə təchiz olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin tələblərinə müvafiq olaraq məktəblərin kompyuterləşdirilməsi prosesi davam etdirilir. Natiqlərin fikrincə, bütün bu müsbət dəyişikliklər dövlət başçımızın məcburi köçkünlərin təhsilinə xüsusi əhəmiyyət verməsinin parlaq təzahürüdür.
Konfrasda respublika müəllimlərinin 13-cü qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və respublika Təhsil Nazirliyinin məsul işçisi Afət Süleymanova konfransın işində iştirak etmişlər.
######
