Qubalı gənclər Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
Quba, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin təşkilatçılığı ilə gənclər Vətən müharibəsi şəhidləri Surxay Mehdiyev və Aydəmir Hacıyevin ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "ZəfərimİZ" layihəsi çərçivəsində reallaşan layihə çərçivəsində şəhidlərin keçdiyi şərəfli döyüş yolundan söz açılıb, ailə üzvləri qəhrəmanlarımızın uşaqlıq və gənclik illərindən xatirələrini bölüşüblər.
Hacıyev Aydəmir Sənan oğlu 1992-ci il martın 7-də Qubanın Qırmızı qəsəbəsində dünyaya gəlib. Vətən müharibəsində Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb. Noyabrın 4-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mehdiyev Surxay Zülfi oğlu 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb. Daxili Qoşunların baş çavuşu olan Surxay Mehdiyev Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.