REGİONLAR
Qubanın dağ yəhudilərinin mədəni irsi Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələrinə təqdim olunub
Quba, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) rəhbər şəxsləri Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbənin tarix-mədəniyyət abidələri, ənənələri, sinaqoqları, gəzməli və görməli yerləri ilə yaxından tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkilatın yeni seçilmiş prezidenti Michael Tuchin, o cümlədən komitənin hazırda prezident səlahiyyətlərini icra edən Dr. Bernard Kaminetski və beynəlxalq əlaqələr üzrə direktoru Stephen J.Schneider qəsəbədəki Dağ Yəhudiləri Muzeyini də ziyarət ediblər.
Qonaqlara muzeyin fəaliyyəti, yəhudi icmasının Azərbaycanda çoxəsrlik tarixi, dağ yəhudilərinin mədəni irsi, Azərbaycanın ictimai həyatındakı rolu haqqında geniş məlumat verilib, onlara muzeydə sərgilənən eksponatlar nümayiş olunub.
Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələrinə Azərbaycanda mövcud olan unikal multikulturalizm və tolerantlıq ənənələri barədə ətraflı məlumat verib. O, əsrlər boyu müxtəlif dinlərə, millətlərə və mədəniyyətlərə məxsus insanların Azərbaycanda harmoniya şəklində birgə yaşamasının cəmiyyətin əsas dəyərlərindən biri olduğunu və bunun dövlət siyasətində də öz əksini tapdığını vurğulayıb.
Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələri Azərbaycanda qorunan bu böyük dəyərlərin bütün dünya ölkələri üçün nümunə olduğunu diqqətə çatdırıblar.