Quraqlıq Kaliforniya, Texas və Floridada fermerlərin işini çətinləşdirib
Vaşinqton, 21 aprel, AZƏRTAC
Amerikalı fermerlər koronavirusun yayılması və ABŞ sakinlərinin gündəlik həyat tərzinə məhdudiyyətlər qoyulması səbəbindən bu ilin mart ayında xeyli dərəcədə zərər çəkiblər. Aprel ayında hava şəraitinin pisləşməsi ilə əlaqədar onların problemləri daha da artıb.
AZƏRTAC xəbər verir ki, quraqlıq Kaliforniyanı, Floridanı və Texas ştatının cənub-qərb ərazilərini əhatə edib. Nəticədə mal-qaraya su vermək üçün əlavə su mənbələri axtarmağa məcbur olan fermerlərin xərcləri xeyli artıb. Bu da öz növbəsində ərzaq mağazalarında ABŞ-da yetişdirilən bir sıra meyvə və tərəvəz məhsullarının qiymətinin artmasına və seçim imkanının azalmasına gətirib çıxarır.
"ABŞ-da quraqlıq monitoru" təşkilatının hesabatlarına əsasən, martın sonunda 12 faizdən bir az çox ölkə əhalisi mülayim və ya sərt quraqlıq hiss edib. Ötən həftənin sonunda Florida ştatında demək olar ki, sərt quraqlıq səbəbindən vəziyyət xeyli pisləşib. Yağmursuz hava şəraiti, torpağın nəmişliyi və seyrək bitki örtüyünün peyk şəkilləri ştatda yanğın təhlükəsinin və məhsul itkisi riskinin mövcudluğundan xəbər verir.
Qış mövsümündə istifadə olunan məhsulun əsas hissəsi Kaliforniya və Florida ştatlarında yetişdirilir. Böyük çeşiddə meyvə və tərəvəz məhsulları Floridada, badam və digər quru meyvələr isə Kaliforniyada istehsal olunur.
Yusif Babanlı
AZƏRTAC-ın Vaşinqton bürosu