QURUCULUQ PANORAMI
Ötən dörd il yarım müstəqil Azərbaycanın ən yeni tarxinə sürətlənmə və quruculuq dövrü kimi daxil olmuşdur. İlham Əliyev respublika Prezidenti seçiləndən sonra qəbul edilmiş ilk sənədlərdən biri ölkə həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklərə təkan vermişdir. Söhbət regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramından gedir. Hazırda bölgələrdə bu proqramın yerinə yetirilməsinə ilkin yekunlar vurulur. AZƏRTAC-ın təşkil etdiyi səyyar briqada respublikanın demək olar ki, bütün iqtisadi regionlarına baş çəkmişlər. Həmin briqadanın tərkibinə daxil olan jurnalistlərin silsilə reportajları bu möhtəşəm quruculuq işinin fraqmentlərini əks etdirir. Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında rus dilində yenidən çapdan çıxmış “Panorama sozidaniya” (“Quruculuq panoramı”) adlı kitab həmin materiallar əsasında tərtib edilmişdir.
Müəlliflər son illərdə respublikamızın kənd rayonlarında baş vermiş müsbət dəyişikliklər, yeniləşmə prosesinin sürəti və miqyası, müasir infrastruktur yaradılması, sahibkarlığın inkişafı, kəndlilərin işi, yeni həyatın onların psixologiyasına etdiyi dəyişikliklər, insanları narahat edən problemlər barədə söhbət açırlar. Oxucular bu kitabı vərəqlədikcə sanki jurnalistlərlə birlikdə ölkəmizin kənd və şəhərlərini gəzib dolaşacaq, maraqlı insanlarla, müasir kəndin panoramının bir hissəsinə çevrilmiş obyektlərlə tanış olacaq, həyatımıza fəal müdaxilə edərək, onu keyfiyyətcə yeni səviyyəyə qaldıran dəyişikliklərin geniş miqyasını və əhəmiyyətini hiss edəcəklər.
Əməkdar rəssam İsmayıl Məmmədovun nəfis tərtibat verdiyi kitabda çoxlu rəngli şəkillər toplanmışdır.